FAQ

Tez-tez verilən suallar

Bu bölmədə əl, bilək, barmaq, sinir, vətər, dırnaq yatağı və mikrocərrahiyyə ilə bağlı pasiyentlərin ən çox verdiyi suallara qısa və aydın cavablar təqdim olunur. Buradakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Təcili hallarda ən yaxın tibb məntəqəsinə baş vurmağınız tövsiyə edilir.

Əl cərrahiyyəsi nədir?

Əl cərrahiyyəsi əl, əl biləyi, barmaq və said nahiyəsində olan sümük, oynaq, vətər, sinir, damar, dəri və yumşaq toxuma problemlərinin diaqnostika və müalicəsi ilə məşğul olan ixtisaslaşmış tibbi sahədir.

Bu sahə yalnız əməliyyatdan ibarət deyil; bir çox hallarda pasiyentə dərman müalicəsi, splint, fizioterapiya, müşahidə və ya reabilitasiya da tövsiyə edilə bilər.

Əl mürəkkəb funksional quruluşa malik olduğu üçün kiçik görünən bir zədə belə tutma, yazma, işləmə və gündəlik fəaliyyətlərə təsir göstərə bilər. Bu səbəbdən əl və əl biləyi problemlərinin ixtisaslaşmış əl cərrahı tərəfindən dəyərləndirilməsi müasir tibbi yanaşmada qəbul edilən əsas prinsiplərdən biridir.

Mikrocərrahiyyə nədir?

Mikrocərrahiyyə çox incə damar, sinir və toxumaların xüsusi böyütmə vasitələri, mikroalətlər və incə tikiş materialları ilə bərpa edilməsinə imkan verən cərrahi texnikadır.

Əldə çoxsaylı və funksional baxımdan vacib damar və sinirlər mövcuddur. Bu strukturların zədələnməsi zamanı onların dəqiq şəkildə bərpası bir çox hallarda mikrocərrahi texnikalar sayəsində mümkün olur.

Sinir və damar zədələnmələri ilə yanaşı, toxuma itkisi ilə müşayiət olunan mürəkkəb hallarda damarlı toxuma köçürmələri və seçilmiş oynaq köçürmələri üçün mikrocərrahiyyə əsas cərrahi texnikalardan biridir.

Bu səbəbdən mikrocərrahiyyə əl cərrahiyyəsinin ayrılmaz hissələrindən biri hesab olunur. Əl cərrahlarının mikrocərrahi texnikalara hakim olması pasiyent üçün müalicə spektrini genişləndirir və müalicə planının daha fərdi, funksional və toxuma qoruyucu şəkildə qurulmasına imkan verir.

Əlin funksiyasının qorunması və bərpasında mikrocərrahi təcrübə xüsusi əhəmiyyət daşıyır.

Əl cərrahları yalnız əl, əl biləyi və said nahiyəsindəmi əməliyyat icra edirlər?

Əl cərrahiyyəsi əsasən əl, əl biləyi, barmaq və said nahiyəsinin xəstəlik və travmaları ilə məşğul olsa da, bu sahə yalnız bu anatomik bölgələrlə məhdudlaşmır. Əl cərrahları sinir toxumasının anatomiyası, fiziologiyası və bərpası ilə yaxından məşğul olduqları üçün yuxarı ətrafın periferik sinir zədələnmələrinin dəyərləndirilməsi və müalicəsində də mühüm rol oynaya bilərlər.

Xüsusilə boyun və çiyin nahiyəsindən başlayaraq qola və ələ gedən sinirlərin zədələnməsi — məsələn, braxial kələf zədələnmələri — əl və yuxarı ətraf funksiyasına ciddi təsir göstərə bilər. Bu hallarda sinir bərpası, sinir köçürməsi, tendon köçürməsi və sonrakı rekonstruktiv əməliyyatlar müalicə planının bir hissəsi ola bilər.

Bundan başqa, periferik sinir cərrahiyyəsi üzrə təcrübəsi olan əl cərrahları seçilmiş hallarda aşağı ətraf sinir zədələnmələri, sinir sıxılmaları və sinir törəmələrinin dəyərləndirilməsində də iştirak edə bilərlər. Bu yanaşma hər pasiyentin vəziyyətinə, zədənin yerinə, ağırlığına və lazım olan cərrahi texnikaya görə fərdi şəkildə planlanır.

Bu səbəbdən əl cərrahiyyəsi yalnız “əl üzərində əməliyyat” kimi deyil, əl və ətraf funksiyasını təmin edən sinir, vətər, damar, oynaq və yumşaq toxuma sistemlərini birlikdə dəyərləndirən ixtisaslaşmış sahə kimi qəbul edilməlidir.

Əl cərrahiyyəsinin yaranma tarixi nəyə əsaslanır?

Əl cərrahiyyəsinin müasir ixtisas sahəsi kimi formalaşması əsasən mürəkkəb əl və yuxarı ətraf travmalarının müalicə ehtiyacından yaranmışdır. Xüsusilə I və II Dünya Müharibələri dövründə çoxsaylı əl yaralanmaları həkimlərə göstərdi ki, əl zədələri yalnız sümük sınığı və ya dəri yarası deyil; çox vaxt vətər, sinir, damar, oynaq və yumşaq toxumaların birlikdə zədələnməsi ilə gedən mürəkkəb funksional problemlərdir.

Bu ehtiyac nəticəsində əl cərrahiyyəsi sümük, vətər, sinir, damar, dəri və yumşaq toxumaları ayrı-ayrı deyil, vahid funksional sistem kimi dəyərləndirən ixtisaslaşmış sahə kimi inkişaf etdi.

Müasir əl cərrahiyyəsinin əsas məqsədi yalnız yaranı bağlamaq və ya sınığı düzəltmək deyil, əlin tutma, hiss etmə, hərəkət və gündəlik həyat funksiyalarını mümkün qədər qorumaq və bərpa etməkdir.

Bu səbəbdən əl cərrahiyyəsi tarixən ortopediya, plastik-rekonstruktiv cərrahiyyə, mikrocərrahiyyə, sinir cərrahiyyəsi və reabilitasiya prinsiplərinin kəsişdiyi xüsusi bir sahə kimi formalaşmışdır. Bu çoxtoxumalı və funksional yanaşma bu gün də əl cərrahiyyəsinin əsas fəlsəfəsini təşkil edir.

Qısacası, əl cərrahiyyəsi tarixən çox toxumalı əl yaralanmalarına funksional cavab olaraq formalaşmışdır.

Ortoplastik yanaşma nədir və əl cərrahiyyəsi ilə necə əlaqəlidir?

Ortoplastik yanaşma sümük, oynaq, damar, sinir, dəri və yumşaq toxuma problemlərinin birlikdə dəyərləndirildiyi rekonstruktiv müalicə prinsipidir. Bu yanaşma xüsusilə mürəkkəb travmalar, açıq sınıqlar, toxuma itkisi və funksional itki ilə müşayiət olunan hallarda önəm daşıyır.

Bəzi zədələrdə yalnız sümüyün bərpası kifayət etmir. Ətrafın funksiyasının qorunması üçün yumşaq toxuma örtüyü, damar dövranı, sinir funksiyası, vətər hərəkəti və reabilitasiya da müalicə planının bir hissəsi olmalıdır. Buna görə ortoplastik yanaşma ortopediya, plastik-rekonstruktiv cərrahiyyə, mikrocərrahiyyə və reabilitasiya prinsiplərini bir araya gətirir.

Əl cərrahiyyəsi fəlsəfə etibarilə ortoplastik düşüncəyə çox yaxındır. Çünki əl cərrahı sümüyü, vətəri, siniri, damarı, dərini və yumşaq toxumaları ayrı-ayrı deyil, vahid funksional sistem kimi dəyərləndirir. Əldə kiçik bir damar, sinir və ya vətər zədəsi belə tutma, hiss etmə, yazma və gündəlik fəaliyyətlərə ciddi təsir göstərə bilər.

Aşağı ətrafın mürəkkəb travmalarında ortoplastik yanaşma çox vaxt multidissiplinar komanda işi şəklində aparılır. Yuxarı ətrafda isə əl cərrahları bu çoxtoxumalı rekonstruktiv düşüncəni gündəlik praktikada tətbiq edirlər.

Mikrocərrahi və rekonstruktiv təcrübəyə malik əl cərrahları seçilmiş hallarda aşağı ətraf sinir, yumşaq toxuma və rekonstruktiv problemlərinin dəyərləndirilməsində də komandanın bir hissəsi kimi iştirak edə bilərlər.

Bu səbəbdən əl cərrahiyyəsi yalnız “əl üzərində əməliyyat” deyil, funksiyanın qorunmasına yönəlmiş ortoplastik və rekonstruktiv düşüncə sistemidir.

Qısacası, əl cərrahiyyəsi ortoplastik düşüncənin yuxarı ətrafdakı ən təbii nümunələrindən biridir.

Ortoped-travmatoloq ilə əl cərrahı arasında fərq nədir?

Ortoped-travmatoloq dayaq-hərəkət sistemi xəstəlikləri və travmaları üzrə ixtisaslaşmış həkimdir. Bu sahəyə sümük, oynaq, bağ, əzələ, vətər, onurğa və ətraf travmaları kimi çox geniş mövzular daxildir.

Müasir tibbdə bilik, texnologiya və cərrahi texnikaların sürətlə artması ortopediya və travmatologiya daxilində daha dar ixtisaslaşma ehtiyacını artırmışdır. Çünki hər anatomik bölgənin quruluşu, biomexanikası və müalicə prinsipləri fərqlidir. Məsələn, ayaq və ayaq biləyinin yük daşıma biomexanikası çiyin oynağının hərəkət və stabilizasiya prinsipləri ilə eyni deyil. Onurğa cərrahiyyəsində sinir strukturlarına yaxınlıq səbəbindən xüsusi dəqiqlik tələb olunur.

İdman travmalarında isə məqsəd yalnız zədəni müalicə etmək deyil, peşəkar idmançını təhlükəsiz şəkildə əvvəlki performansına mümkün qədər yaxın səviyyədə sahəyə qaytarmaqdır.

Bu səbəbdən beynəlxalq ortopediya praktikasında artroplastika və oynaq rekonstruksiyası, idman travmaları, pediatrik ortopediya, onurğa cərrahiyyəsi, ortopedik onkologiya, bud-çanaq qoruyucu cərrahiyyəsi, ayaq və ayaq biləyi cərrahiyyəsi, ortopedik travma, çiyin cərrahiyyəsi, ətraf uzatma və kompleks rekonstruksiya, eləcə də əl və yuxarı ətraf cərrahiyyəsi kimi alt istiqamətlər ayrıca inkişaf etmişdir.

Əl cərrahiyyəsi də bu ixtisaslaşmış istiqamətlərdən biridir. Əl cərrahı əl, əl biləyi, barmaq, said və yuxarı ətraf funksiyasına təsir edən sümük, oynaq, vətər, sinir, damar, dəri və yumşaq toxuma problemlərini birlikdə dəyərləndirən mütəxəssisdir.

Əldə bu strukturlar çox kiçik sahədə və bir-biri ilə sıx əlaqədə yerləşdiyi üçün müalicədə yalnız sümüyün və ya yaranın bərpası kifayət etməyə bilər. Əsas məqsəd əlin hərəkətini, hissiyyatını, tutma gücünü və gündəlik həyat funksiyasını mümkün qədər qorumaq və bərpa etməkdir.

Qısacası, ortoped-travmatoloq dayaq-hərəkət sistemi üzrə geniş sahəni əhatə edən mütəxəssisdir; əl cərrahı isə bu geniş sahə daxilində əl, əl biləyi, said və yuxarı ətraf funksiyasına fokuslanan, sinir, vətər, damar, sümük və yumşaq toxuma problemlərini birlikdə dəyərləndirən ixtisaslaşmış cərrahdır.

Əl cərrahına nə zaman müraciət etmək lazımdır?

Bir çox səhiyyə və tibbi sığorta sistemində əl cərrahına birbaşa müraciət qaydaları fərqli ola bilər. Bəzi hallarda pasiyentin əvvəlcə ailə həkimi, ortoped-travmatoloq və ya digər müvafiq həkim tərəfindən dəyərləndirilməsi və əl cərrahına yönləndirilməsi tələb olunur.

Bununla yanaşı, aşağıdakı hallarda əl cərrahiyyəsi sahəsində ixtisaslaşmış dəyərləndirmə faydalı ola bilər.

Əldə, əl biləyində, barmaqlarda, said və yuxarı ətrafda ağrı, keyimə, gücsüzlük, hərəkət məhdudluğu, şişlik, deformasiya, hissiyat itkisi və ya tutma funksiyasında zəifləmə varsa, əl cərrahı tərəfindən dəyərləndirmə faydalı ola bilər.

Əl cərrahına müraciət səbəbləri yalnız travmalarla məhdudlaşmır. Anadangəlmə əl anomaliyaları, barmaqlarda olan əyriliklər və forma pozğunluqları, dırnaq deformasiyaları, dırnaq yatağı zədələnmələri, periferik sinir patologiyaları, sinir iflicləri, braxial kələf — çiyin kələfi zədələnmələri, sinir yaralanmaları, əl və yuxarı ətrafda olan törəmələr, barmaq və oynaqdaxili sınıqlar, əl biləyi bağ zədələnmələri, Kienböck xəstəliyi, yanıq sonrası çapıq və kontrakturalar, eləcə də digər əl və əl biləyi problemləri əl cərrahiyyəsi sahəsində dəyərləndirilə bilər.

Xüsusilə barmağı bükə və ya aça bilməmək, travmadan sonra barmaq formasının dəyişməsi, barmaqlarda əyrilik və ya zamanla artan deformasiya, dırnaqda travma sonrası forma pozğunluğu, dırnaq yatağı zədəsi, əldə davamlı keyimə, gecə artan uyuşma, əşyaları tutmaqda çətinlik, əl biləyində uzunmüddətli ağrı, yanıqdan sonra barmaqlarda sərtlik və hərəkət məhdudluğu və ya sinir zədələnməsindən şübhə doğuran hallar gecikdirilməməlidir.

Açıq yara, ciddi qanaxma, barmaq amputasiyası, damar zədələnməsi şübhəsi, sürətlə artan şişlik, infeksiya əlamətləri, təzə və dərin yanıq və ya ağır travma hallarında isə yönləndirmə və ya planlı konsultasiya gözlənilmədən təcili tibbi yardım alınmalıdır.

Qısacası, əl cərrahına müraciət yalnız “əməliyyat olmaq” demək deyil. Məqsəd problemin səbəbini düzgün müəyyən etmək, əl və yuxarı ətraf funksiyasını qorumaq və pasiyent üçün ən uyğun müalicə planını qurmaqdır.

Əl travmasından sonra hansı əlamətlər ciddi sayılır?

Əl həcmcə kiçik görünsə də, onun daxilində sümük, oynaq, vətər, sinir, damar, dəri və yumşaq toxumalar bir-birinə çox yaxın yerləşir. Bu səbəbdən əl anatomiyası olduqca kompleks və həssasdır.

Əldə bir strukturun zədələnməsi bəzən digər strukturların funksiyasına da təsir edə bilər.

Travmadan sonra gözlə görünən əyrilik və ya deformasiya, barmaqları bükə və ya aça bilməmək, əldə və ya barmaqlarda hissizlik, gücsüzlük, barmaq ucunda rəng dəyişikliyi, eləcə də zədədən sonra şişlik, qızarıqlıq və ağrının getdikcə artması ciddi əlamətlər hesab olunur.

Bu hallarda yaranın böyüklüyündən asılı olmayaraq həkim rəyi alınması vacibdir. Xüsusilə barmaq hərəkətinin itməsi, hissiyat azalması və ya travmadan sonra əlin formasında dəyişiklik varsa, əl cərrahiyyəsi baxımından dəyərləndirmə gecikdirilməməlidir.

Əl cərrahı diaqnoz qoyarkən hansı ardıcıllıqdan istifadə edir?

Bütün tibb sahələrində olduğu kimi, əl cərrahiyyəsində də diaqnoz prosesi əvvəlcə pasiyentin diqqətlə dinlənilməsi ilə başlayır. Şikayətin nə zaman başladığı, travma olub-olmadığı, ağrının nə zaman artıb-azaldığı, keyimə, gücsüzlük, hərəkət məhdudluğu və daha əvvəl alınan müalicələr diaqnoz üçün vacib məlumatlardır.

Daha sonra əl, əl biləyi, barmaqlar, said və lazım olduqda yuxarı ətraf klinik olaraq müayinə edilir. Bu müayinədə hərəkət, hissiyat, qan dövranı, tutma gücü, ağrılı nöqtələr, şişlik, deformasiya və sinir-vətər funksiyaları dəyərləndirilir.

Ehtiyac olduqda diaqnozu dəqiqləşdirmək və müalicə planını qurmaq üçün rentgen, ultrasəs müayinəsi, elektromioqrafiya və sinir keçiricilik testləri, kompüter tomoqrafiyası və ya maqnit-rezonans tomoqrafiya kimi əlavə müayinələrdən istifadə oluna bilər. Hər pasiyentdə bütün müayinələrə ehtiyac olmur; hansı testin lazım olduğu şikayətə, müayinə nəticəsinə və ehtimal olunan diaqnoza görə müəyyən edilir.

Bu səbəbdən həkim qəbulundan əvvəl pasiyentin şikayətlərinin nə vaxt başladığını, hansı hallarda artıb-azaldığını, əvvəl hansı müalicələri aldığını və varsa əvvəlki müayinə nəticələrini hazırlaması faydalıdır. Azyaşlı, yaşlı və ya özünü ifadə etməkdə çətinlik çəkən pasiyentlərin isə onları yaxından tanıyan və qayğı göstərən bir şəxslə birlikdə gəlməsi tövsiyə olunur.

Diaqnoz qoyulduqdan sonra müalicə planı hər pasiyent üçün fərdi şəkildə hazırlanır. Məqsəd yalnız xəstəliyin adını müəyyən etmək deyil, pasiyentin şikayətini, funksional ehtiyacını, gündəlik həyatını və gözləntilərini nəzərə alaraq ən uyğun müalicə yolunu seçməkdir.

Sinir sıxılması nədir?

Sinirlər onurğa beynindən çıxaraq yuxarı və aşağı ətraf boyunca barmaq uclarına qədər davam edən həssas və funksional strukturlardır. Bu yol boyunca bəzi anatomik dar sahələr, tunellər və keçid nöqtələri mövcuddur. Sinir bu dar bölgələrdə sıxıldıqda onun normal funksiyası pozula bilər.

Sinir sıxılmasının əlamətləri sıxılan sinirin növünə və sıxılmanın yerləşdiyi nahiyəyə görə dəyişir. Bəzi hallarda əsas şikayət keyimə, iynələnmə və yanma hissi olur; bəzi hallarda isə əzələ zəifliyi, tutma gücünün azalması və barmaq hərəkətlərində çətinlik yarana bilər.

Məsələn, radial sinirin səthi şaxəsinin said nahiyəsində sıxılması daha çox hissiyat problemləri ilə özünü göstərə bilər. Ulnar sinirin dirsək səviyyəsində sıxılması isə əldə gücsüzlük, incə hərəkətlərin çətinləşməsi və barmaqlarda zəiflik yarada bilər.

Digər tərəfdən, hər əldə keyimə və ya zəiflik mütləq sinir sıxılması demək deyil. Şəkərli diabet, xroniki böyrək çatışmazlığına bağlı neyropatiyalar, boyun mənşəli sinir problemləri və bəzi metabolik xəstəliklər də oxşar şikayətlər yarada bilər. Buna görə də sinir sıxılmasının diaqnozu pasiyentin şikayətləri, klinik müayinə və ehtiyac olduqda sinir testləri ilə birlikdə dəyərləndirilməlidir.

Sinir sıxılması yalnız əldəmi olur?

Xeyr. Sinir sıxılması yalnız əldə deyil, boyundan başlayaraq yuxarı ətrafın müxtəlif nahiyələrində yarana bilər. Sinirlər boyun, çiyin, qol, dirsək, said, əl biləyi və əl səviyyəsində fərqli anatomik keçidlərdən keçir. Bu keçidlərin hər birində sıxılma olduqda pasiyentin şikayətləri fərqli şəkildə ortaya çıxa bilər.

Yuxarı ətrafda görülə bilən sinir sıxılmalarına torasik çıxış sindromu, quadrilateral space sindromu, supraskapular sinir sıxılması, kubital tunel sindromu, lacertus fibrosus sindromu, pronator sindromu, radial tunel sindromu, Wartenberg sindromu, karpal tunel sindromu və Guyon kanalı sindromu nümunə göstərilə bilər.

Bu problemlərin bəziləri əldə keyimə və ağrı ilə, bəziləri isə barmaq hərəkətlərində zəiflik, tutma gücünün azalması, incə əl işlərində çətinlik və əzələ incəlməsi ilə özünü göstərə bilər. Eyni pasiyentdə bir neçə səviyyədə sinir sıxılması da ola bilər; buna “double crush” fenomeni deyilir. Bu halda boyun səviyyəsindəki problem və daha aşağı səviyyədəki sinir sıxılması birlikdə şikayətləri artıra bilər.

Anatomik variasiyalar, yəni sinir və əzələ quruluşundakı fərdi fərqliliklər də bu halların diaqnozunu çətinləşdirə bilər. Bu səbəbdən yuxarı ətraf sinir sıxılmalarında əl cərrahiyyəsi və periferik sinir cərrahiyyəsi təcrübəsi diaqnoz və müalicə planının qurulmasında xüsusi əhəmiyyət daşıyır.

Sinir sıxılmaları yalnız yuxarı ətrafdamı olur?

Xeyr. Sinir sıxılması yalnız yuxarı ətrafda deyil, aşağı ətrafda da yarana bilər. Onurğa beynindən çıxan sinirlər aşağı ətraf boyunca bud, diz, baldır, ayaq biləyi və ayaq səviyyəsində müxtəlif anatomik keçidlərdən keçir. Bu bölgələrdə sinirin sıxılması ağrı, keyimə, yanma, iynələnmə, gücsüzlük və yerişdə çətinlik kimi əlamətlər yarada bilər.

Aşağı ətrafda piriformis sindromu, peroneal sinirin sıxılması, tarsal tunel sindromu və Baxter neyropatiyası kimi sinir sıxılması halları görülə bilər. Bu problemlər əl cərrahiyyəsinin klassik sahəsi olmasa da, periferik sinir anatomiyası, sinir bərpası və mikrocərrahi texnikalar üzrə təcrübəsi olan əl cərrahları seçilmiş hallarda bu pasiyentlərin dəyərləndirilməsində multidissiplinar komandanın bir hissəsi kimi iştirak edə bilərlər.

Sinir zədələnməsi öz-özünə düzələ bilərmi?

Bəli, periferik sinir toxumasının müəyyən regenerasiya və sağalma qabiliyyəti vardır. Lakin bu sağalma zədənin növündən və ağırlığından asılıdır.

Yüngül sıxılma və dartılma tipli zədələrdə zamanla yaxşılaşma ola bilər. Amma sinirin tam kəsilməsi, ciddi əzilməsi və ya travmadan sonra davam edən hissizlik və gücsüzlük hallarında həkim dəyərləndirməsi gecikdirilməməlidir.

Sinir zədələrində vaxtında diaqnoz və düzgün müalicə planı əl funksiyasının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Vətər zədələnməsi nədir?

Vətərlər əzələlərin gücünü sümüyə ötürərək barmaqların və əl biləyinin hərəkətini təmin edən vacib toxumalardır. Kəsici alət yaralanmaları, künt travmalar, ani və güclü hərəkətlər və ya qopma ilə nəticələnən zədələr zamanı vətərlər xəsarət ala bilər.

Vətər zədələnməsinin əsas əlamətlərindən biri barmaq və ya əl biləyində iradi, aktiv hərəkətin itirilməsidir. Məsələn, pasiyent barmağını bükə və ya aça bilmirsə, bu vətər zədələnməsinə işarə edə bilər. Bəzən yara kiçik görünsə də, altında ciddi vətər kəsiyi ola bilər.

Tam vətər kəsikləri və qopmaları çox vaxt öz-özünə funksional şəkildə sağalmır və vaxtında dəyərləndirilmə tələb edir. Müalicə zədənin yerinə, növünə və ağırlığına görə planlanır; bəzi hallarda cərrahi bərpa, sonrakı mərhələdə isə splint və reabilitasiya protokolu lazım ola bilər.

Bu səbəbdən əl yaralanmasından sonra barmağı aktiv şəkildə hərəkət etdirə bilməmək, hərəkətdə zəiflik və ya barmaq funksiyasında dəyişiklik varsa, əl cərrahiyyəsi baxımından dəyərləndirmə gecikdirilməməlidir.

Vətərlərin xəsarətlərdən başqa patologiyaları da olurmu?

Bəli, vətərlərin yalnız kəsik, qopma və travma ilə bağlı zədələnmələri deyil, xəsarətdən kənar müxtəlif patologiyaları da mövcuddur. Əldə bükücü və açıcı vətərlərin özünəməxsus xəstəlikləri və funksional problemləri yarana bilər.

Bu problemlər arasında ən çox tanınan hallara trigger finger — tətik barmaq və de Quervain tenosinoviti aiddir. Bununla yanaşı, təkrarlanan hərəkətlər, uzunmüddətli yüklənmə, peşə fəaliyyəti və incə motor bacarıq tələb edən işlər də vətər problemlərinə səbəb ola bilər. Məsələn, musiqiçilər, əl işi ilə məşğul olanlar, kompüter və alət istifadə edən şəxslərdə fərqli vətər və yumşaq toxuma problemləri görülə bilər.

Travmatik vətər kəsiklərindən fərqli olaraq, bu tip vətər patologiyalarının bir çoxunda ilkin müalicə konservativ yanaşmalarla aparılır. Fəaliyyətin tənzimlənməsi, splint istifadəsi, dərman müalicəsi, inyeksiya, fizioterapiya və reabilitasiya proqramları bir çox pasiyentdə şikayətlərin azalmasına və funksiyanın bərpasına kömək edə bilər.

Əl cərrahiyyəsi ilə reabilitasiya arasında necə əlaqə var?

Əl cərrahiyyəsi əl, əl biləyi, said, yuxarı ətraf və periferik sinir sistemi ilə əlaqəli bir çox funksional problemlərin diaqnostika və müalicəsi ilə məşğul olan ixtisaslaşmış sahədir. Bu problemlərin böyük bir hissəsində reabilitasiya müalicə prosesinin ayrılmaz mərhələsidir.

Əl fizioterapiyası və əl reabilitasiyası, əl cərrahiyyəsi kimi xüsusi diqqət və ixtisaslaşma tələb edən sahədir. Sinir əməliyyatlarından sonra sensor reabilitasiya, vətər köçürmələrindən sonra hərəkətlərin yenidən öyrənilməsi, vətər bərpasından sonra qoruyucu hərəkət protokolları, oynaq əməliyyatlarından sonra kontrakturaların azaldılması, yanıq və travma sonrası çapıq toxumasının idarə olunması kimi mərhələlərdə reabilitasiya mühüm rol oynayır.

Bu prosesdə ortezlərin hazırlanması və düzgün tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Ortezlər zədələnmiş və ya əməliyyat olunmuş toxumaları qorumaq, oynaqları uyğun vəziyyətdə saxlamaq, vətər təmirlərindən sonra hərəkəti təhlükəsiz şəkildə yönləndirmək, sinir ifliclərində funksional dəstək vermək və kontrakturaların qarşısını almaq məqsədilə istifadə oluna bilər. Hər ortez pasiyentin diaqnozuna, əməliyyat növünə, toxuma sağalmasının mərhələsinə və reabilitasiya protokoluna uyğun fərdi şəkildə planlanmalıdır.

Digər tərəfdən, pasiyentin reabilitasiya tələblərinə, ortez istifadə qaydalarına və verilən protokola uyğunluğu da qənaətbəxş nəticə üçün çox vacibdir. Çünki əl cərrahiyyəsində uğurlu nəticə yalnız həkimin əməliyyatı ilə deyil, pasiyentin müalicəyə aktiv iştirakı və fizioterapiya-reabilitasiya prosesinin düzgün aparılması ilə formalaşır.

Qısacası, əl cərrahiyyəsində yaxşı nəticə çox vaxt üç əsas tərəfin ahəngli əməkdaşlığından asılıdır: həkim, pasiyent və əl reabilitasiyası komandası.

Dırnaq əyrilikləri və deformasiyaları müalicə oluna bilərmi?

Dırnaq yalnız estetik quruluş deyil; dırnaq matriksi — dırnaq kökü, dırnaq yatağı və ətraf yumşaq toxumalarla birlikdə barmaq ucunun funksional və estetik bir hissəsidir. Dırnaq barmaq ucunu qoruyur, incə toxunma hissinə və gündəlik əl funksiyasına kömək edir.

Barmaq ucu yaralanmaları, dırnaq yatağı zədələnmələri, əzilmələr, kəsiklər, yanıq, infeksiya və ya əvvəlki travmalar sonrası dırnaqda əyrilik, qalınlaşma, bölünmə, batma və forma pozğunluğu yarana bilər. Bəzi hallarda problem yalnız dırnaqda deyil, dırnaq yatağında, dırnaq kökündə, barmaq ucu sümüyündə və ya yumşaq toxumalarda ola bilər.

Müalicə qərarı diqqətli müayinə sonrası verilir. Dırnaq deformasiyasının səbəbi, zədənin köhnə və ya yeni olması, dırnaq yatağının vəziyyəti, barmaq ucu sümüyü və yumşaq toxumalar birlikdə dəyərləndirilməlidir. Seçilmiş hallarda dırnaq yatağı rekonstruksiyası, çapıq toxumasının düzəldilməsi, yumşaq toxuma bərpası və ya sümük deformasiya korreksiyası lazım ola bilər.

Qısacası, dırnaq əyrilikləri və deformasiyalarında müalicə mümkündür, amma nəticə problemin səbəbinə, zədənin müddətinə, dırnaq yatağının vəziyyətinə və toxuma keyfiyyətinə görə dəyişir. Buna görə dırnaq deformasiyalarının əl cərrahiyyəsi baxımından dəyərləndirilməsi faydalıdır.

Uşaqlarda anadangəlmə əl problemləri müalicə oluna bilərmi?

Uşaqlarda anadangəlmə əl anomaliyaları müxtəlif formalarda ola bilər: artıq və ya çoxlu barmaq, bitişik barmaqlar, baş barmağın inkişaf etməməsi və ya zəif inkişafı, barmaq əyrilikləri, əl biləyi və said nahiyəsinin quruluş fərqləri və digər anadangəlmə problemlər.

Bəzi əl anomaliyaları yalnız əl ilə məhdudlaşır, bəziləri isə daha geniş sindromik vəziyyətin bir hissəsi ola bilər. Bu səbəbdən əl cərrahı uşağı yalnız əl problemi baxımından deyil, ümumi inkişaf, digər ətraflar və lazım olduqda əlavə mütəxəssis dəyərləndirməsi ehtiyacı baxımından da nəzərdən keçirir.

Uşaqlarda müalicə qərarı anomaliyanın növünə, funksional təsirinə, uşağın yaşına, böyümə potensialına və ailənin gözləntilərinə görə fərdi şəkildə verilir. Bəzi hallarda yalnız izləmə kifayət edə bilər, bəzi hallarda isə cərrahi müalicə planlana bilər.

Ümumi prinsip olaraq, uşağın əl funksiyasına, sosial adaptasiyasına və gündəlik fəaliyyətlərinə təsir edə biləcək anomaliyaların məktəbə qədər dövrdə dəyərləndirilməsi faydalıdır, lakin müalicə vaxtı hər anomaliyaya görə fərdi şəkildə müəyyən edilir.

Bu patologiyalarda görünüş fərqliliyi, əl funksiyasında məhdudiyyət və sosial mühitdə yaşanan çətinliklər uşağın və ailənin sosial-psixoloji vəziyyətinə təsir edə biləcəyi üçün müalicə planında nəzərə alınmalıdır.

Qısacası, uşaqlarda anadangəlmə əl problemlərinin bir çoxu dəyərləndirilə və seçilmiş hallarda müalicə oluna bilər. Məqsəd yalnız görünüşü düzəltmək deyil, uşağın əl funksiyasını, inkişafını və gündəlik həyat keyfiyyətini mümkün qədər dəstəkləməkdir.

Onlayn konsultasiya fiziki müayinəni əvəz edirmi?

Yaşadığımız dövr rəqəmsal dövrdür. Artıq yüksək keyfiyyətli foto, video və tibbi görüntülərin hazırlanması və həkimlə paylaşılması əvvəlki dövrlərlə müqayisədə daha asandır. Bu imkanlar tibbi dəyərləndirmə, ilkin yönləndirmə və ikinci rəy proseslərini daha əlçatan etmişdir.

Onlayn konsultasiya fiziki müayinəni tam əvəz etmir. Çünki əl cərrahiyyəsində hərəkət, hissiyat, qan dövranı, tutma gücü, ağrı nöqtələri və sinir-vətər funksiyaları birbaşa müayinə ilə daha dəqiq qiymətləndirilir.

Bununla yanaşı, onlayn konsultasiya ilkin dəyərləndirmə, sənədlərin nəzərdən keçirilməsi, ikinci rəy, hansı mütəxəssisə müraciət etməyin daha uyğun olduğunu anlamaq və planlı müalicəyə hazırlıq baxımından ciddi yol göstərici ola bilər.

Onlayn konsultasiya zamanı pasiyentin şikayətləri, əvvəlki müayinə nəticələri, foto və videolar, rentgen, MRT, EMG və digər tibbi sənədlər birlikdə dəyərləndirilə bilər. Xüsusilə əl və barmaq hərəkətlərini göstərən aydın video görüntülər, yara və deformasiya fotoları, həmçinin mövcud görüntüləmə nəticələri konsultasiyanın daha səmərəli olmasına kömək edir.

Təcili hallar, açıq yaralar, ciddi qanaxma, amputasiya, infeksiya, damar zədələnməsi şübhəsi, barmaqda rəng dəyişikliyi və ya yeni yaranmış ciddi hərəkət və hissiyat itkisi zamanı onlayn konsultasiya gözlənilmədən təcili tibbi yardım alınmalıdır.

Qısacası, onlayn konsultasiya fiziki müayinənin yerini tam tutmur, amma düzgün foto, video və tibbi sənədlərlə dəstəkləndikdə pasiyent üçün ilkin istiqamət, ikinci rəy və planlı müalicəyə hazırlıq baxımından faydalı ola bilər.