Sinir cərrahiyyəsi
Qollarımızdakı sinirlər onurğa beynindən başlayaraq barmaq uclarına qədər uzanan mürəkkəb bir şəbəkə təşkil edir. Sinirlər çox spesifik fiziologiyaya malik olduqları üçün onların zədələnməsinə və xəstəliklərinə yanaşma xüsusi diqqət və ixtisaslaşmış müalicə tələb edir.
Xoş xəbər ondan ibarətdir ki, sinirlər müəyyən dərəcədə regenerasiya (bərpa) qabiliyyətinə malikdir. Lakin optimal nəticə əldə etmək üçün düzgün zamanlama və uyğun müalicə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır.
Bakı Əl və Mikrocərrahiyyə olaraq sinir xəstəlikləri və zədələnmələrinin müalicəsi elmi sübutlara əsaslanan müasir cərrahi metodlarla həyata keçirilir.
Sinir cərrahiyyəsinin əsas istiqamətləri:
Çiyin kələfi zədələnmələri (Brachial plexus)
Çiyin kələfi zədələnmələri doğuş zamanı uşaqlarda (brachial plexus birth palsy) və ya travma nəticəsində yetkin insanlarda meydana gələ bilər. Bu vəziyyət qolun müxtəlif hərəkətlərində, bəzən isə bütün qol funksiyalarında ciddi məhdudiyyətlərə səbəb ola bilər.
Bu tip zədələnmələrdə ən vacib məsələ düzgün diaqnoz, doğru zamanlama və uyğun müalicə strategiyasının seçilməsidir. Erkən və düzgün yanaşma sayəsində qol funksiyasının mümkün olan ən yaxşı səviyyədə bərpası hədəflənir.
Çiyin kələfi zədələnmələrinin müalicəsi çox zaman əl cərrahiyyəsi və reabilitasiyanın birgə və koordinasiyalı əməkdaşlığını tələb edir. Müasir cərrahi üsullar və düzgün reabilitasiya proqramı ilə bir çox hallarda funksional nəticələr əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər.
Sinir sıxışmaları (Karpal tunel və s.)
Onurğa beynindən başlayaraq barmaq uclarına qədər uzanan sinirlər qol boyunca müxtəlif nöqtələrdə sıxışma və ya kompressiyaya məruz qala bilər. Bu vəziyyət sinirin normal fəaliyyətini pozaraq əldə və qolda müxtəlif narahatlıqlara səbəb olur.
Ən çox rast gəlinən sinir sıxışmalarından biri əl biləyi səviyyəsində yaranan karpal tunel sindromudur. Lakin sinir sıxışmaları yalnız bu bölgə ilə məhdudlaşmır. Sinirlər daha yuxarı səviyyələrdə də sıxışa bilər. Məsələn, sinirin boyun və köks qəfəsi çıxışında sıxışması ilə əlaqəli köks qəfəsi çıxış sindromu (thoracic outlet syndrome) buna nümunədir.
Pasiyentlər adətən əllərdə uyuşma və keyimə, əşyaları əlindən salma, güc azalması və xüsusilə gecə saatlarında oyanma kimi şikayətlərlə müraciət edirlər.
Belə hallarda ən vacib məsələ düzgün diaqnoz və uyğun müalicə planının seçilməsidir. Lazım gəldikdə cərrahi müdaxilə müasir və dəqiq üsullarla həyata keçirilir. Məqsəd sinir üzərindəki təzyiqi aradan qaldırmaq və funksiyanı bərpa etməkdir.
Əksər hallarda pasiyentlər müalicədən sonra qısa müddət ərzində gündəlik həyatlarına və peşə fəaliyyətlərinə geri qayıda bilirlər.
Əlavə:
Yuxarı ətraf sinir patologiyalarının müalicəsində əldə olunan uğurlar və toplanmış təcrübə nəticəsində bu gün aşağı ətraf sinir sıxışmaları və digər periferik sinir problemlərində də baxışlar getdikcə əl cərrahiyyəsinə yönəlir.
Bu səbəbdən son illərdə dünyada “periferik sinir cərrahı” anlayışı ilə yeni bir ixtisaslaşma istiqaməti formalaşmağa başlamışdır. Bu sahənin əsas öncüləri isə məhz əl cərrahlarıdır.
Çünki əl cərrahiyyəsi yalnız sümük və vətər problemlərini əhatə edən ortoplastik cərrahiyyə deyil. Eyni zamanda periferik sinir sisteminin anatomiyası və patologiyaları üzərində dərin ixtisaslaşmanı da özündə birləşdirir.
Başqa sözlə desək, əl cərrahı təkcə ortoplastik cərrah deyil, eyni zamanda periferik sinir cərrahıdır.
Sinir şişləri törəmələri
Orqanizmimizin digər toxumalarında olduğu kimi, sinirlərdə də törəmələr meydana gələ bilər. Bu söz ilk baxışda narahatlıq yaratsa da, xoşbəxtlikdən bu törəmələrin böyük əksəriyyəti xoşxassəlidir.
Bir çox hallarda törəmə tək bir cərrahi müdaxilə ilə tam şəkildə aradan qaldırıla bilər. Müasir mikrocərrahi texnikalar sayəsində əməliyyat zamanı əsas məqsəd törəməni çıxararkən sağlam sinir toxumasını maksimum dərəcədə qorumaqdır.
Dəqiq planlama və mikrocərrahi yanaşma ilə bir çox hallarda sinirin funksiyası qorunur və pasiyentlər gündəlik həyatlarına qısa müddətdə geri qayıda bilirlər.
Sinir yaralanmaları
Gündəlik həyatın axarında və ya iş qəzaları nəticəsində bəzən sinir yaralanmaları ilə qarşılaşmaq mümkündür. Bu tip yaralanmalar bəzi hallarda əzələlərdə iflicə, digər hallarda isə hissiyyatın itirilməsinə səbəb ola bilər.
Bəzi sinir yaralanmalarından sonra zədələnmiş nahiyədə nöroma adlanan ağrılı törəmələr də meydana gələ bilər. Bu vəziyyət pasiyentlərdə davamlı ağrı və narahatlıq yarada bilər.
Xoşbəxtlikdən sinirlər müəyyən dərəcədə bərpa (regenerasiya) qabiliyyətinə malikdir. Əks halda sinir cərrahiyyəsi kimi bir sahənin mövcudluğundan danışmaq mümkün olmazdı.
Lakin sinir əməliyyatları çox incə və yüksək dəqiqlik tələb edən müdaxilələrdir. Bu sahədə xüsusi standartlar və diqqət tələb edən nüanslar mövcuddur. Periferik sinir patologiyalarının diaqnoz və müalicəsində bu standartlara hakim olan mütəxəssislər əl cərrahları və ixtisaslaşmış neyrocərrahlardır.
Sinir nəqlləri (Sinir transferi)
Sinir nəqli və ya sinir transferi əməliyyatları əsas sinirin bərpası mümkün olmadıqda və ya uzun müddət davam edən iflic nəticəsində əzələlərin funksiyasını qorumaq məqsədilə tətbiq olunur.
Bu üsul xüsusilə çiyin kələfi yaralanmaları və dirsək səviyyəsində sinir zədələnmələri zamanı geniş istifadə olunur. Əməliyyat zamanı sağlam bir sinirin funksiyasından istifadə edilərək zədələnmiş nahiyəyə yeni sinir bağlantısı yaradılır.
Sinir nəqllərinin üstünlüklərindən biri odur ki, donor sahəyə minimal təsir göstərir və eyni zamanda iflic olmuş əzələlərin yenidən aktivləşməsi üçün imkan yaradır.
Son illərdə sinir transferi əməliyyatları yalnız iflic hallarında deyil, spastik halların müalicəsində də getdikcə daha çox tətbiq olunmağa başlamışdır.